MÜƏZZİN ROLU ALBANİYALI KİNO ULDUZUNU İSLAMA QAYTARDI
AzerTAg.az
Yeni çəkilən filmdə müəzzin rolunu oynamağa dəvət alan tanınmış alban aktyoru Miruşa Kabaşi İlk vaxtlar bunu peşəkar fəaliyyətinə aid təklif kimi qiymətləndirmişdir. Lakin yeni işinə tam ciddiyyətilə yanaşan aktyor, filmdə azanı özü oxumasında israr etmişdir. Canlandırdığı qəhrəmanın daxili aləmini daha yaxşı başa düşmək üçün o, İslama aid kitabları da oxumuşdur.
Miruşa Kabaşinin oynadığı film olmuş hadisə əsasında çəkilmişdir. 1943-cü ildən 1990-cı ilədək Albaniyada hökmranlıq edən kommunist rejimi hər cür dini təzahürlərlə mübarizə aparırdı. 70-ci illərin ortalarında Konstitusiyaya uyğun olaraq, Albaniya ateist dövlət elan edilmişdi. Hələ 1967-ci ildə ölkədə möminlərin ictimai yerlərdə dini ayinləri yerinə yetirməsi qadağan olunmuşdu. Nəticədə Albaniyadakı 1667 məsciddən yalnız 270-i salamat qalmışdır.
Filmdə dindən üz çevirməkdən boyun qaçıran bir çoxları kimi, Kabaşinin qəhrəmanı - gənc müəzzin də 8 il müddətinə dəmir barmaqlıqlar arxasına atılır. Lakin o burada da öz dini vəzifələrini yerinə yetirməkdə davam edir və bu səbəbdən həbs müddəti iki dəfə uzadılır.
Filmin çəkilişi ilə əlaqədar Kabaşi tez-tez Tirana şəhərindəki Təbək məscidinə gedirdi. Müsəlmanlar, xüsusilə məscidin imamı şeyx Elvis tərəfindən gülərüzlə qarşılanan Kabaşi nəinki azan verməyi öyrənmiş, həmçinin dini ayinləri də yerinə yetirməyə başlamışdır. Hazırda o, gündə beş dəfə namaz qılır, oruc tutur.
Xəbərin mətnində orfoqrafik səhv var