İQTİSADİYYAT
MÜHASİBAT UÇOTU BEYNƏLXALQ STANDARTLAR ÜZRƏ APARILACAQDIR
AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov jurnalistlərlə görüşündə bildirmişdir ki, ADNF gələn ilin ikinci rübündən mühasibat uçotunun beynəlxalq standartlar üzrə aparılmasına keçəcəkdir.
O demişdir ki, “Deloyt ənd Taç” şirkətinin köməyi ilə uçot siyasəti və hesabların yeni planı hazırlanacaqdır. Sənəd artıq ARDNŞ-in Müşahidəçilər Şurası tərəfindən təsdiqlənmişdir. Bundan başqa, qanunvericiliyə uyğun olaraq, Maliyyə Nazirliyinin razılığı alınmışdır.
S.Şərifov vurğulamışdır ki, indi hazırlanan mühasibat uçotunun milli standartları qəbul olunduqdan sonra Fondun hesablar planında dəyişikliklər edilə bilər. Əvvəlcə, mühasibat uçotunun beynəlxalq standartlarına 2004-cü il yanvarın 1-dən keçmək nəzərdə tutulurdu, lakin bir sıra texniki səbəblər olduğuna görə bunu üç ay müddətinə təxirə salmaq qərara alınmışdır.