DÜNYA
Macarıstanda vergiödəyicilərinin əksəriyyəti orta təbəqəyə məxsusdur
Budapeşt, 11 aprel, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında əsas vergi yükünü ota təbəqənin üzərinə qoyan Macarıstanın vergi siyasəti sərt tənqid olunur. Bu sənəddə qeyd edilir ki, orta sahibkarlıq subyektləri vergilərin böyük bir hissəsini ödəyir. Onların payına bütün vergilərin dörddəüçü düşür ki, bu da vergi daxilolmalarının 76 faizidir.
AZƏRTAC xəbər verir ki, orta təbəqədən olan macarlar əhalinin böyük hissəsini təşkil edir və bu səbəbdən daha çox vergi ödəyirlər. Başqa sözlə, burada əhalinin əksəriyyəti firavan yaşayır və yoxsul qonşu ölkələrdən (Avstriya və Sloveniya istisna olmaqla) fərqli olaraq, daha çox vergi ödəyir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatında yer almış rəqəmlər ötən ilə aiddir. Bu il onlar müsbət istiqamətdə dəyişə bilər, çünki hökumət seçkilər ərəfəsində xalqın rəğbətini qazanmaq istəyir. Eyni zamanda, hesabatda qeyd olunur ki, orta təbəqədən olan macarlar ölkədə hər il mənzil və təhsilin qiymətlərinin bahalaşması problemi ilə üzləşirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt