MƏDƏNİYYƏT
Mahir ifaçı və bacarıqlı pedaqoq Rafiq Quliyevin 80 illik yubileyi qeyd olunacaq
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 22-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli musiqiçi, professor Rafiq Quliyevin 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertin birinci hissəsində Bakı Musiqi Akademiyasının tələbələri və məzunları, ikinci hissəsində isə R.Quliyevin tələbəsi olmuş professor Nəzakət Rimazi və dosent Elnarə Kəbirlinskaya çıxış edəcək.
Konsertdə görkəmli bəstəkarların əsərləri səsləndiriləcək.
Qeyd edək ki, 1934-cü il dekabrın 5-də dünyaya gələn Rafiq Quliyevin Azərbaycan musiqi tarixində öz yeri var. Uşaq yaşlarından istedadlı müəllimlərdən dərs almış R.Quliyev Bakı Musiqi Akademiyasında və Moskva Konservatoriyasında artıq özünü tam formalaşmış bir pianoçu kimi göstərib. O, həm ifaçı, həm müəllim kimi özündən sonra böyük məktəb qoyub. Mahir ifaçı və bacarıqlı pedaqoq Rafiq Quliyevin Azərbaycan fortepiano ifaçılığı məktəbinin inkişafında xidmətləri olduqca böyükdür. O, pedaqoji işi ilə yanaşı, ömrü boyu konsert fəaliyyəti ilə də məşğul olub. Keçmiş SSRİ-nin və xarici ölkələrin konsert salonlarında müvəffəqiyyətlə çıxış etmiş Rafiq Quliyev geniş repertuara malik bir sənətkar idi.
Tanınmış pianoçu Rafiq Quliyev 2007-ci il avqustun 19-da ömrünün 73-cü ilində dünyasını dəyişib.