Maqnit qasırğalarının modelləşdirilməsi üçün yeni araşdırma
AzerTAg.az

Bakı, 9 fevral, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və fəlsəfə doktoru üzrə qiyabi doktorantı Rəcəb İsmayıllının (Leuven Universiteti, Belçika) həmmüəllifi olduğu məqalədə anizotrop kosmik plazma axınlarında irimiqyaslı burulğanların əmələgəlmə mexanizmləri, bu prosesə maqnit sahəsi boyunca yönəlmiş istilik selinin təsiri nəzəri olaraq araşdırılır.
Alınmış yeni nəticələr Günəş küləyinin Yerin maqnitosferi ilə qarşılıqlı təsiri zamanı yaranan maqnit qasırğalarının modelləşdirilməsində istifadə oluna bilər.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, “Sürəti səs sürətindən çox olan anizotrop kosmik plazma axınlarının Kelvin-Helmholtz MHD dayanıqsızlığı” adlı həmin məqalə yüksək impakt faktorlu (IF 5,287, Quartile Category Q1) beynəlxalq elmi jurnalda - Londonda Kral Astronomiya Cəmiyyətinin aylıq xəbərlər jurnalında (Monthly Notices of the Royal Astronomical Society) yer alıb.
Xəbərin mətnində orfoqrafik səhv var