CƏMİYYƏT
Marneulidə Dövlət Bayrağı Günü və Şuşanın azad edilməsi münasibətilə silsilə tədbirlər keçirilib
Tbilisi, 10 noyabr, AZƏRTAC
Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Dövlət Bayrağı Gününə və Şuşanın işğaldan azad olunmasına həsr olunan silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Marneulinin mərkəzində yerləşən “Sultan Çay” evinin önündə keçirilən tədbirdə çıxış edənlər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətinin və xüsusən də qədim Şuşanın işğaldan azad olunması barədə xəbərinin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılandığını və insanlar arasında ruh yüksəkliyi yaratdığını qeyd ediblər.
Daha sonra Marneuli sakini Zaur Əliyev öz həyətində hər iki bayram münasibətilə mərasim keçirib.
Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, “24news.ge” portalının və “24newsTV.ge”nin baş redaktoru Azər Məmmədov və digər çıxış edənlər Şuşanın qələbəsi günü münasibəti ilə Dünya Azərbaycanlılarına təbriklərini çatdırıb, Qarabağın bütövlükdə azad olunmasını səbirsizliklə gözlədiklərini bildiriblər.
Hər iki mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstanın bayraqları dalğalanıb.
Mərasimdə milli musiqimiz səsləndirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi