REGİONLAR
Masallıda Beynəlxalq Müəllimlər Günü qeyd olunub
Masallı, 5 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov müəllimləri əlamətdar gün münasibətilə təbrik edərək, rayonda təhsil sahəsində qazanılmış uğurlardan danışıb. O, pedaqoji fəaliyyəti və yüksək peşəkarlığı ilə seçilən müəllimlərə rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
Rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov ölkəmizdə müəllim əməyinə verilən yüksək qiymətdən, müəllimlərin qazandığı uğurlardan danışaraq bildirib ki, masallılı müəllimlər rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Müəllim əməyinin dövlətimiz tərəfindən layiqincə qiymətləndirildiyini qeyd edən T.Əkbərov Prezident İlham Əliyevin 2019-cu il 3 oktyabr tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüş Şərəfə kənd tam orta məktəbinin riyaziyyat müəllimi Jalə Seyfullayevanı, “Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi” fəxri adına layiq görülmüş Bala Kolatan kənd tam orta məktəbinin direktoru Elmar Qulamovu, Şərəfə kənd tam orta məktəbinin ingilis dili müəllimi Naidə Məmmədovanı, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmiş “Dəfinə” məktəb liseyinin kimya-biologiya müəllimi Fərasət İbadullayevi, Qızılağac kənd 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Mirtahir Abdullayevi və Hişkədərə kənd tam orta məktəbinin coğrafiya müəllimi Əlizamin Məmmədəliyevi təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Dəmirçi kənd ümumi orta məktəbin gənc müəllimi İradə İmanbəyli, Eminli kənd tam orta məktəbin qocaman müəllimi Vəzir Allahverdiyev, Şərəfə kənd tam orta məktəbin müəllimi Jalə Seyfullayeva, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev çıxışlarında ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə müəllimlərin bir qrupuna Masallı Rayon Təhsil Şöbəsinin, Masallı Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının və "Masallı Ziyalıları" İctimai Birliyinin fəxri fərmanları və hədiyyələr təqdim olunub.