REGİONLAR
Masallıda uşaqlar arasında keçirilən onlayn şahmat birinciliyinə yekun vurulub
Masallı, 17 iyun, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilmiş 8-12 yaşlı oğlan və qızlar arasında şahmat üzrə onlayn rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən və 50 nəfərdən çox idmançının qatıldığı yarışın keçirilməsində məqsəd koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə uşaqların və yeniyetmələrin ev şəraitində vaxtlarını daha da səmərəli keçirmələri, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması üçün şərait yaratmaqdır.
Rayon birinciliyində 8-12 yaşlı oğlanlar arasında Mirseyidəli Talıbzadə birinci, Nuran Əkbərov ikinci, Mirsadiq Nəbiyev üçüncü yerlərə layiq görülüblər. 8-12 yaşlı qızlar arasında isə Lalə Ağacanova, Zeynəb Quliyeva və Leyli Əliyeva fərqləniblər.
Qalib gəlmiş idmançılar Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.