REGİONLAR
Masazırda qanunsuz tikintinin qarşısı alınıb
Xırdalan, 6 dekabr, AZƏRTAC
Masazırda qanunsuz tikintinin qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində tikilən binada Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin birgə araşdırmaları zamanı layihədən kənara çıxma halları müəyyən edilib.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Sumqayıt-Abşeron regional müfəttişliyinin rəisi Orxan Şıxıyev jurnalistlərə açıqlamasında bildirib ki, bina üçmərtəbəli və mansard mərtəbəsi ilə layihələşdirilməsinə baxmayaraq, sentyabr ayında sifarişçi tərəfindən layihədən kənara çıxma, nəticədə yanğın təhlükəsizliyi və binanın etibarlılığı qaydalarının pozulduğu məlum olub.
Gələcəkdə burada yaşayacaq insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaranacağı səbəbindən tikintinin dayandırılması ilə bağlı sifarişçiyə müvafiq xəbərdarlıq olunmasına baxmayaraq, tikinti davam etdirilib. Nəticədə tikintinin dayandırılması ilə bağlı qərar qəbul edilib.