ELM VƏ TƏHSİL
Məhəbbət Vəliyeva: Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini bir daha təsdiqlədi
Bakı, 21 aprel, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 45 nömrəli tam orta məktəbdə Aprel şəhidlərinin xatirəsinə həsr edilən “Həyatda qəhrəmanlığa həmişə yer var!” mövzusunda anma tədbiri keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, Aprel döyüşlərində şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva 2016-cı ilin aprelində dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında Azərbaycan Ordusunun göstərdiyi şücaətin və qazandığı qələbənin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını bildirib. İdarə müdiri Aprel döyüşlərinin dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bir daha sübuta yetirdiyini deyib.
Milli Məclisin deputatı Məlahət Həsənova Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyini söyləyib, üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində olduğu kimi, doğma Qarabağın hər bir guşəsində dalğalanacağına əminliyini ifadə bildirib.
Çıxış edənlər təhsil müəssisələrində Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi olan Aprel döyüşlərinə həsr edilən mərasimlərin keçirilməsinin gənclərdə mübarizə ruhu və yüksək vətənpərvərlik hissi yaratdığını diqqətə çatdırıblar.
Tədbirdə Aprel döyüşlərinə həsr edilən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, şeirlər səsləndirilib. Həmçinin Aprel döyüşləri zamanı Vətən yolunda qəhrəmancasına həlak olan şəhid Sənan Axundovun həyatından bəhs edən videoçarx göstərilib.
Sonda şəhid Sənan Axundovun xatirəsinə həsr olunan, məktəblilərarası şahmat yarışının rayon turunda yüksək yerlər tutmuş şagirdlər mükafatlandırılıblar.
Tədbir Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin mahnı və rəqs ansamblının vətənpərvərlik ruhunda çıxışları ilə yekunlaşıb.