ELM VƏ TƏHSİL
Məhəmmədhüseyn Şəhriyarın “Biblioqrafik göstərici”si təqdim olunub
Bakı, 18 sentyabr, X.Cəfərova, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın anım günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə şairin yenicə çapdan çıxmış “Biblioqrafik göstərici”sinin təqdimatı olub. Nəşrin elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktorları filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Əməkdar Mədəniyyət İşçisi Xuraman İsmayılova, tərtibçi-müəllif isə filologiya üzrə fəlsəfə doktoru Esmira Fuaddır.
Tədbirdə akademik İ.Həbibbəyli görkəmli şair M.Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafındakı rolundan, ədəbiyyata verdiyi töhfələrdən söz açıb. O, M.Şəhriyarın anım gününün həm İranda, həm də müsəlman dünyasında geniş qeyd olunduğunu, müxtəlif konfranslar, tədbirlər keçirildiyini bildirib. Şəhriyarın XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli ədəbi siması olduğunu deyən İ.Həbibbəyli bildirib ki, şairin dərin məzmunlu əsərlərində bəşəri-humanist ideyalar, real və ideal aləm, insan taleyi, şəxsiyyət və zaman kimi fəlsəfi mahiyyət daşıyan problemlər əksini tapır. M.Şəhriyar fars dilində yaratdığı silsilə əsərlər sayəsində dövrünün Hafiz Şirazisi, XX əsrin klassiki, qəzəl ustadı kimi qəbul edilir.
İ.Həbibbəyli şairin anım gününə töhfə olaraq “Biblioqrafik göstərici”sinin hazırlandığını, kitabda M.Şəhriyarın həyat səhifələrinin, yaradıcılığının önəmli məqamlarının, xüsusilə şair haqqında nəşr edilmiş əsərlərin tam siyahısının əks olunduğunu diqqətə çatdırıb. O, bu əsərin Azərbaycan-İran ədəbi və elmi əlaqələrinin daha da inkişafında önəmli vasitə olacağını bildirib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərli, kitabın müəllifi filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, filologiya üzrə elmlər doktoru İslam Qəribli, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli və institutun elmi işçisi Fikrət Əhmədov məruzə ilə çıxış ediblər.
Sonda M.Şəhriyarın həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olunub.