MƏDƏNİYYƏT


“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilib

Bakı, 11 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar Şəmkir rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin iştirakı və Şəmkir Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı silsilə tədbirlər proqramı təşkil edilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən rayon icra hakimiyyətlərinin başçıları və müavinləri, digər dövlət qurumlarının məsul əməkdaşları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir əvvəlcə Ulu Öndərin abidəsi qarşısında gülqoyma mərasimi ilə başlayıb. Daha sonra müvafiq region üzrə musiqi məktəblərinin şagirdlərinin mövzuya uyğun, eyni zamanda, Qarabağ və vətənpərvərlik tematikasında hazırladığı rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə çıxış edib, dahi şəxsiyyət ilə olan görüş və xatirələrini iştirakçılarla bölüşüb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli çıxışında Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə gördüyü işlər barədə məlumat verib. Sonra Kollecin direktoru Səbinə Mehdiyevanın layihə rəhbərliyi ilə lentə alınan Ulu Öndərin 99 illiyinə həsr olunmuş fləşmob geniş auditoriyaya eksklüziv olaraq ekran üzərindən təqdim edilib.

Proqramın bədii hissəsində Sumqayıt Musiqi Kollecinin Kamera Orkestri, Kollecin Xor kollektivi, Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin Xor kollektivi, Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagirdləri, eyni zamanda, Respublika Muğam Müsabiqəsinin qalibləri zəngin proqramla çıxış ediblər.

Tədbir geniş auditoriyaya ilk dəfə təqdim olunan Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda” kompozisiyası ilə yekunlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.