CƏMİYYƏT
“Mən yaşadığımı yaşamışam, sən hələ cavansan” - əsgərini qoruyaraq şəhid olan Qəzənfər
Bakı, 27 sentyabr, AZƏRTAC
30 ilə yaxın düşmən tapdağında olan tarixi yurdlarımızın işğaldan azad olunması zamanı böyük qəhrəmanlıq göstərərək canlarından keçən, eləcə də yaralanan Vətən övladlarının xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Bu tarixi Zəfər hissini bizə yaşadan cəsur döyüşçülərimizdən biri də şəhid Qəzənfər Abdullayevdir.
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Qəzənfərin anası Zəminə xanım AZƏRTAC-a deyib ki, oğlu sonuncu dəfə Vətən müharibəsindən bir həftə əvvəl evə gəlib, hamı ilə görüşüb: “Narahat olmayaq deyə, dağlarda təlim keçirik sözündən başqa heç nə demirdi. Oğlu Raulun ad günü üçün hazırlıqlar edib, tələsik yenə getdi. Uşağının doğum günündə iştirak etmədi”.
Kəlbəcər istiqamətində döyüşlərə qatılan Qəzənfər birinci dəfə ayağından, sonra isə gözündən yaralanıb. Xəsarətlərinə baxmayaraq döyüş meydanını tərk etməyib. Vətən torpağının düşməndən təmizlənməsində qəhrəmanlıq göstərib.
27 oktyabr tarixində şiddətli döyüşlərin birində yenidən yaralanıb və 17 gün xəstəxanada qaldıqdan sonra noyabrın 14-də şəhidlik zirvəsinə ucalıb.
Şəhidimizin anası deyir ki, Qəzənfər son anında da döyüş yoldaşlarını düşünüb. “Axırıncı döyüşündə özünü əsgərinin üstünə ataraq deyib ki, mən yaşadığımı yaşamışam, sən hələ cavansan. Orada da bütün qəlpələr ona dəyib”.
Prezident İlham Əliyevin Sərəncamları ilə Qəzənfər Nəcəf oğlu Abdullayev ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsi də dövlət qayğısı ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidimizin ailə üzvlərinə Samux rayonundakı yeni yaşayış kompleksində üçotaqlı tam təmirli mənzil verilib.