MƏDƏNİYYƏT
“Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” adlı elmi-praktik seminar təşkil ediləcək
Bakı, 20 aprel, AZƏRTAC
Bu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə aprelin 23-də “Mənəvi dəyərlər sistemində İmadəddin Nəsimi fəlsəfəsi” adlı elmi-praktik seminar təşkil ediləcək.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşları məruzə ilə çıxış edəcək, Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” kompozisiyası təqdim ediləcək. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və Bakı şəhəri Nərimanov rayonu 82 nömrəli orta məktəbin şagirdlərinin ifasında Nəsiminin şeirləri səsləndiriləcək.
Tədbirin keçirilməsində məqsəd Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsinin dəyərinin geniş kütləyə çatdırılması və gənc nəsildə bədii və fəlsəfi fikrə marağı artırmaqdır.