MƏDƏNİYYƏT
“Mənim əlvan dünyam” adlı uşaq bayramı
Bakı, 2 iyun, AZƏRTAC
“Azərbaycan xalçaçıları” İctimai Birliyinin “NUR Art House” qalereyasının nəzdindəki “İncilər” qrupu “GÜNXANART” studiyası ilə birgə İçərişəhərdə, Qoşa Qala qapısında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konserti təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində gənc rəssam Məryəm Cəfərovanın “Mənim əlvan dünyam” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada rəssamın 70 əsəri yer alıb.
Rəssam ailəsində dünyaya göz açan Məryəm kiçik yaşlarından şəkillər çəkir. O, 2014-cü ildən “GÜNXANART” studiyasında rəssam Günel Hüseynovadan sənətin sirlərini öyrənir. Məryəm 2016-cı ildə 12-14 yaşlı uşaqlar arasında İspaniyada keçirilən “World Art Games, International Art Media Contest” müsabiqəsində birinci yeri tutub.
Gənc rəssamın ekspozisiyaya təqdim olunan işləri müxtəlif janrlarda yaradılıb. Onun “Lalələr”, “Flamenko” və s. əsərləri soyuq batika üslubunda çəkilib. M.Cəfərova şüşə üzərində də rəsm yaradır. Bu qəbildən onun bir çox maraqlı əsərləri, məsələn, “Çeşir pişiyi”, “Natürmort”, “Dənizə yol” və digər əsərləri var. Bundan başqa, gənc rəssam akrillə kətan üzərində çəkir, dekorativ əşyaları – şüşə və qabları rənglərlə bəzəyir.
Məryəmin əl işlərinin müxtəlifliyi, rəngləri, şübhəsiz ki, ziyarətçilərdə maraq oyadır.
Bayramı davam etdirən “Möcüzə yarat” uşaq dəfilə-şousunda dizayner Hökumə Qasımovanın hazırladığı geyimlər göstərilib. “İncilər” qrupunun üzvləri 12 kostyum və aksesuar nümayiş etdiriblər. Gözəl şou mahnı və rəqslərlə müşayiət olunub.
Onu da əlavə edək ki, “Möcüzə yarat” dəfilə-şousu “Azərbaycan xalçaçıları” İctimai Birliyinin “NUR Art House” qalereyasının direktoru, professor Röya Tağıyevanın, bədii tikmə ustası Elmira Qasımovanın, xoreoqraf, M.S.Ordubadinin ev-muzeyinin baş mühafizi Rasimə Əhmədovanın və Gülşən Hüseynovanın rəhbərliyi ilə hazırlanıb.