QAN YADDAŞI
Mərdəkan Mədəniyyət Sarayında Xocalı qurbanlarının xatirəsi anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları sarayın nəzdində fəaliyyət göstərən “Rəsm” kursunun tələbələrinin Qanlı faciəni əks etdirən əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra faciə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum olunub, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilib. Bu soyqırımı Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş müdhiş cinayətdir.
Tədbirdə, həmçinin 183 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya təqdim ediblər.