İQTİSADİYYAT
Metroda xətlərin ayrılması “Yeni Avstriya” adlı üsulun tətbiqi ilə aparılacaqdır
Bakı, 15 fevral (AZƏRTAC). Bakı metropolitenində xətlərin ayrılması “Yeni Avstriya” adlı üsulun tətbiqi ilə aparılacaqdır.
Bakı Metropoliteninin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, metroda xətlərin ayrılması layihəsi ilə əlaqədar, həmçinin layihə sənədlərini əsas icraçı şirkətlərlə bir daha müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və inşaatın aparılmasının əsas məqamlarını bir daha konkretləşdirmək üçün Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov Praqada (Çexiya) səfərdə olmuşdur.
“Yeni Avstriya” üsulunun tətbiqi ilə aparılan inşaatın Praqada tətbiqindən danışan A.Rəsulov qeyd etmişdir ki, Bakının, xüsusən də inşaatın aparılacağı sahənin geologiyası burada fərqli yanaşmanı qaçılmaz edir. Eyni zamanda, bu üsul tətbiq oluna biləcək iki-üç üsuldan biridir.
A.Rəsulov demişdir ki, metodun ümumi prinsipləri, tətbiqi imkanları bəlli olsa da, layihə beynəlxalq ekspertizadan da keçiriləcəkdir. Bu məqsədlə dünyada tanınmış 3 şirkət arasında seçim edilmiş və üstünlük mühəndis ekspert rəylərinin verilməsinin səlisliyi ilə fərqlənən “Amber Engineering AG” şirkətinə verilmişdir.