CƏMİYYƏT
Milli Aviasiya Akademiyasının kollektivi akademiyanın şəhid məzununu anıblar
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də İkinci Qarabağ müharibəsi iştirakçısı, Milli Aviasiya Akademiyasının məzunu, şəhid Fuad Valeryeviç Məmmədovun ildönümü mərasimi keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, mərasimdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti, əməkdaşları iştirak edib. Əvvəlcə, şəhidin məzarı ziyarət olunub, əklil qoyulub, ruhuna dualar oxunub. Mərasimdə çıxış edən akademiyanın “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı Nazim Nağıyev akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan səbir diləyib.
Fuad Məmmədov Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Xocavənd istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.
Fuad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.