ELM VƏ TƏHSİL
Milli Azərbaycan Tarixi Muzeyinin son nəşrləri məktəblilərə hədiyyə edilib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubu “Vətənpərvər olaq!” mövzusunda tədbir keçirib.
Muzeydən (MATM) AZƏRTAC-a bildiriblər ki, 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyində müəllim və şagirdlərin iştirakı ilə təşkil olunan tədbirdə “Arxeo” klubun rəhbəri Esmira Rəhimova klubun fəaliyyəti və məqsədləri haqqında ətraflı məlumat verib.
MATM-ın arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadə tarixi irsimizin qorunmasının və dərindən öyrənilməsinin əhəmiyyətindən danışıb.
Muzeyin maddi-mədəniyyət tarixinə həsr edilən son nəşrləri məktəblilərə hədiyyə olunub.
Liseyin tarix müəllimi Sevil Nəsibova “Arxeo” klubunun fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Sonra klub üzvlərinə sertifikatlar təqdim edilib.