MƏDƏNİYYƏT
Milli İncəsənət Muzeyində Nizami poeziyasının rəssamların yaradıcılığına təsirindən söhbət açılacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində “Nizami dünyası Azərbaycan rəssamlarının yaradıcılığında” mövzusunda tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Əməkdar mədəniyyət işçisi Sevda Həbibovanın məruzəsi dinləniləcək.
Məruzədə Nizami yaradıcılığının bəşər bədii təfəkkürünün unikal təzahürü və Azərbaycan xalqının mənəviyyatının ayrılmaz hissəsi olduğu bir daha vurğulanacaq. Nizami poeziyasının ensiklopedik genişliyi, ümumiləşdirilmiş obrazların çoxluğu və dərin fəlsəfisi ilə seçildiyi barədə məlumat veriləcək. Onun ölməz “Xəmsə”sində bəşəriyyətin ən qabaqcıl və parlaq idealı təcəssüm olunduğu vurğulanacaq.
Qeyd edək ki, bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin qrafika kolleksiyasını Qəzənfər Xalıqov, Əmir Hacıyev, Kazım Kazımzadə, Mikayıl Abdullayev, Əliağa Məmmədov, İsmayıl Axundov kimi Azərbaycan rəssamlarının Nizami yaradıcılığına, dahi şairə və onun əsərlərinə həsr etdikləri tablolar bəzəyir.