SİYASƏT
Milli Məclisin deputatları AŞPA-nın payız sessiyasında iştirak edəcəklər
Bakı, 26 sentyabr (AZƏRTAC). Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Rafael Hüseynov, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, avqustun 10-da Türkiyədə keçirilmiş prezident seçkiləri, Ukraynadakı mövcud vəziyyət, Vatslav Havel İnsan Hüquqları Mükafatının təsis olunması, Gürcüstan və Albaniyaya dair monitorinqin nəticələri, təhsildə yaxşı idarəçilik və keyfiyyətin artırılması və s. mövzularda fikir mübadiləsi aparılacaq.
Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.