MƏDƏNİYYƏT
Milli Musiqi Günü münasibətilə Musiqi Mədəniyyəti Dövlət Muzeyində təbir keçirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Milli Musiqi Günü ilə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək hər il ölkəmizdə ənənəvi olaraq keçirilən Milli Musiqi Gününün əhəmiyyətindən söz açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Milli Musiqi Gününün keçirilməsinin dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə təşkil edildiyini deyən muzeyin direktoru görkəmli bəstəkarın yaradıcılığından söz açıb. Söyləyib ki, dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli zəngin yaradıcılığı ilə milli musiqi mədəniyyətimizin yolunu daim işıqlandırıb.
Qeyd edib ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 113 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Tədbir konsert proqramı ilə davam edib.
Muzeyin Qədim Musiqi Alətləri Ansamblı və solistlər Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova, Bakı Musiqi Akademiyasının müəllimləri Nərgiz Kəngərli, Liliya İmanova, Məryəm Yusifova və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Tədbir çərçivəsində muzeyin zəngin kolleksiyalarından görkəmli bəstəkarlarımız Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.