CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikasının keçirdiyi oftalmoloji aksiya zamanı 178 nəfər müayinə olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Bakıda yerləşən SABIS Sun Beynəlxalq Məktəbində tibbi aksiya keçirib. Aksiyada gigiyenik qaydaları qorumaq şərtilə müəllim və şagird heyətinə tibbi xidmət göstərilib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində 178 nəfər müayinə olunub. Müayinələr zamanı məktəblilərdə daha çox refraksiya patologiyası aşkarlanıb. Telefon, planşet və kompüterdən həddən artıq çox və qeyri-düzgün istifadə nəticəsində gözdə müəyyən zəifləmələr qeydə alınıb. Aksiya çərçivəsində şagird və müəllimlərə lazımi müalicə və məsləhətlər verilib.
Qeyd edək ki, məktəblilərin dərsdən sonra həkimə müraciət etmək üçün vaxtlarının məhdudluğunu nəzərə alaraq müayinələr məktəbdə səyyar formada keçirilib. Müayinənin keçirilmə məqsədi korluğun qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aparılması, əldə edilən nəticələri müzakirə etmək və problemləri vaxtında həll etməkdən ibarətdir.