MƏDƏNİYYƏT
“Milli irs-2015” mükafatının təqdimat mərasimi olub
Bakı, 17 aprel, Arzu Rəcəbova, AZƏRTAC
Aprelin 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində “Milli irs-2015” mükafatının təqdimat mərasimi olub. Tədbir Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalça Muzeyinin binası qarşısında birinci Avropa Oyunlarına həsr olunmuş fleşmoba tamaşa ediblər. Sonra Azərbaycanın tarixi irsi haqqında videoçarx nümayiş olunub.
Mərasimi açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü dünya mədəniyyəti üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan xalqının öz mədəni irsini yüksək qiymətləndirdiyini diqqətə çatdıran nazir deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixi abidələrinə böyük qayğı ilə yanaşıb, ölkənin mədəni inkişafına xüsusi diqqət yetirib. Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında sərəncam və fərmanlar imzalayan Prezident İlham Əliyev Ümummilli Liderin işini layiqincə davam etdirir”. Nazir Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanılması və təbliği ilə bağlı gördüyü işləri xüsusi vurğulayıb: Məhz bütün bunlar sayəsində tar, kəlağayı, çövkən, muğam və Azərbaycanın digər maddi və mənəvi dəyərləri UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib və bütün dünyada şöhrət qazanıb.
“Milli irs-2015” mükafatından danışan Ə.Qarayev bildirib ki, ənənəyə görə bu mükafat hər il ölkəmizin zəngin mədəni irsinin təbliğinə, tarixi və mədəni abidələrin qorunub saxlanılmasına böyük töhfə verən insanlara təqdim olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qonaqları Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təbrik edərək, bu bayram barədə ətraflı məlumat verib. S.Nuriyev bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi istər respublika, istərsə də beynəlxalq əhəmiyyətli bir sıra mühüm tədbirlər keçirir. Bütün bunlar Azərbaycanın mədəni inkişafına müsbət təsir göstərir.
“İrs” jurnalının baş redaktoru Musa Mərcanlı nəşrin fəaliyyətindən danışaraq qeyd edib ki, tədbir çərçivəsində Şəki şəhərinin maddi və mənəvi irsinə həsr olunmuş “Şəki – Məftun edən şəhər” kitabının təqdimatı olub. Kitabın nəşrinə göstərdiyi köməyə görə “PAŞA Həyat Sığorta” şirkətinə təşəkkür edən baş redaktor vurğulayıb ki, dünya mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycanın qədim şəhərləri barədə saysız-hesabsız kitablar yazmaq olar. Yaxın vaxtlarda Bakıya həsr olunmuş kitab nəşr etmək planlaşdırılır.
“PAŞA Həyat Sığorta” şirkəti idarə heyəti sədrinin müavini Niyaz İsmayılov təmsil etdiyi qurumun milli mədəni dəyərləri təbliğ edən layihələrə verdiyi dəstəkdən danışıb, Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işləri yüksək qiymətləndirib.
Sonra üç nominasiyada “Milli irs-2015” mükafatının təqdimat mərasimi olub. “Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyasında Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyasında “Yol” jurnalı, “Azərbaycan mədəni irsinin tədqiqində xidmətlərə görə” nominasiyasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova mükafatlandırılıb.
Bundan əlavə, Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomları və pul mükafatları təqdim olunub. Nazirliyin baş məsləhətçisi Təranə Qəmbərova, arxeoloq, Şəki ekspedisiyasının rəhbəri Nəsib Muxtarov, Ağstafa rayonunun mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov, Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova, “Avey” dövlət tarix və mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva mükafatlandırılanlar arasında olublar.
Tədbir çərçivəsində xalça rəssamı Faiq Əhmədin “Transformasiya” adlı sərgisi nümayiş etdirilib. Sərgidə onun üç yeni əsəri təqdim olunub.