MƏDƏNİYYƏT
Milli naxışlarla bəzədilmiş yosun yastıqları turistlərin böyük marağına səbəb olur VİDEO
Bakı, 23 aprel, Xəyalə Cəfərova, AZƏRTAC
Elşən İbrahimov incəsənəti sevənlərin əhatəsində böyüyüb. Atası rəssam, anası musiqiçidir. Uşaqlıqdan belə bir mühitdə böyüdüyü üçün onda rəssamlığa böyük həvəs yaranıb. Bu sahədə ali təhsil almamışdan öncə atasının köməyi ilə heykəltəraşlıq, toxuculuq və sulu boya işlərini mənimsəyib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bakalavr təhsili alıb. Ancaq bununla kifayətlənməyib, magistr və aspirant pillələrində də təhsilini davam etdirib.
AZƏRTAC xəbər verir ki, Elşən İbrahimov bu sənətin (heykəltəraşlıq, rəngli boya və s...) bütün növləri ilə məşğul olsa da, yosundan hazırladığı fərqli yastıqlar ona daha çox uğur gətirib. Belə ki, bir gün dostunun mağazasında əyləşib turistlər üçün qeyri-adi “nə hazırlamaq olar?” sualının cavabını axtarırlar. Buraya gələnlərin diqqətini çəkmək üçün yeni qeyri-adi nə isə hazırlamağı düşünürlər. Elşən yosundan hazırlanmış fərqli yastıq hazırlamağı təklif edir. Elə özü ilk yastığı hazırlamağa başlayır. Balıq ovuna çıxan Elşən dənizdəki yosunları yığıb evə gətirir və onları qurudaraq yastıqların daxilini xüsusi qurudulmuş yosunla doldurmağa başladıb. Gələn qonaqların Azərbaycanı daim xatırlamaları üçün yastığın üzlüklərində müxtəlif milli naxışlarımızı və ya ölkəmizin yaddaqalan məkanlarının görüntüsündən istifadə edir.
Rəssam deyir ki, kənardan asan görünsə də, yosunları toplamaq, onları tək-tək qurutmaq çox əziyyətli işdir. Hazır xammalı yastığın içərisinə doldurmaq isə azı yarım saat vaxt aparır.
Müsahibimiz onu da qeyd edib ki, yastığın içi mütləq tam dolu olmalıdır. Əks halda yosunlar bir-birinə birləşər və yastıq yararsız hala düşər.
Onun əl işlərinin tanınmasında “ABAD”ın da böyük rolu var. Onlara əl işlərini təqdim edərkən çox təəccübləniblər. Çünki belə bir suvenirdən hələ heç kəsin xəbəri yox idi.
Elşən İbrahimov bu işlə hobbi olaraq məşğul olur. Onun 16 yaşlı oğlu atası kimi bu sahəyə böyük maraq göstərir.