REGİONLAR
Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb
Bakı, 5 dekabr, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin əsasən də, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışı başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
İndiyədək rayonlarda müxtəlif kəndlərdə 169 səyyar satış xidməti həyata keçirilib. 730 kənd və qəsəbə üzrə səyyar gübrə satışından 5943 vətəndaş yararlanıb, ümumilikdə, 3383,89 ton mineral gübrə satılıb.
Mövsümün son səyyar gübrə satışı ötən həftə Şəmkir, Ağstafa, Tovuz, Qazax, Samux, Saatlı, Füzuli, Neftçala, Salyan, Şabran, Quba və Qusar rayonlarında keçirilib. 12 rayon üzrə 14 kənddə baş tutan satışdan 55 kənddən 330 vətəndaş yararlanıb və ümumilikdə, 158,05 ton mineral gübrə satılıb.
Səyyar gübrə satışı zamanı qaydalarda və qiymətlərdə heç bir dəyişiklik edilməyib. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə alıblar. Səyyar xidmət zamanı vətəndaş banklara müraciət etmədən səyyar bank terminalları vasitəsilə ödənişlərini həyata keçirib.