CƏMİYYƏT
Misir nəşri AzərTAc-ın baş direktoru A.Aslanovun qocaman milli agentliyin 95 illik yubileyinə həsr olunmuş məqaləsini dərc edib VİDEO
Qahirə, 23 fevral, AZƏRTAC
Misirdə çıxan və çox maraqla oxunan “Şbabalnil” elektron qəzetində AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun “AZƏRTAC: Şərqlə Qərb arasında media körpüsü” sərlövhəli məqaləsi dərc edilib. Məqalə bir neçə gün sonra 95 illik yubileyini qeyd edəcək bu qocaman milli informasiya agentliyinin fəaliyyətinə həsr olunub.
AZƏRTAC-ın rəhbərinin bu ətraflı analitik məqaləsində 1920-ci il martın 1-də yaradılan agentliyin tarixinə qısa ekskurs edilib, AZƏRTAC-ın keçdiyi yola, əldə olunmuş uğurlarına, dünya informasiya məkanında yerinə və roluna nəzər salınıb.
Məqalədə deyilir ki, agentlik yubileyini qloballaşan dünyada dəyərlər sisteminin yeniləndiyi, həyatın bütün sahələrində fundamental transformasiyaların baş verdiyi, stereotiplərin dəyişdiyi, yeni informasiya texnologiyalarının yarandığı, sosial media bumunun müşahidə olunduğu bir dövrdə qeyd edir.
A.Aslanov yazır: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC ötən 95 ildə mürəkkəb, eyni zamanda şanlı yol keçib, bütün çətinliklərə baxmayaraq, həmişə Azərbaycan xalqına xidmət edib. Bu xidmətə ən obyektiv qiyməti ümummilli lider Heydər Əliyev verib: “AZƏRTAC fəaliyyətə başladığı gündən Azərbaycan xalqının azadlıq arzularının carçısına çevrilib”.
A.Aslanovun sözlərinə görə, AZƏRTAC-ın bugünkü səviyyəyə nail olması, dünya informasiya məkanına çıxması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi respublikanın həyatında dönüş mərhələsinin başlanğıcı olub, eyni zamanda, kütləvi informasiya vasitələri sahəsində yeni səhifə açıb.
Bildirilir ki, hazırda AZƏRTAC regionda 7 dildə xəbər, 5 dildə videoxəbər yayan yeganə informasiya mənbəyidir. Azərbaycan gerçəkliklərinin daha geniş coğrafiyada yayılması, eyni zamanda dünyada baş verən mühüm hadisələrin operativ işıqlandırılması AZƏRTAC-ın fəaliyyətinin prioritet istiqamətləridir.
Xüsusi vurğulanıb ki, AZƏRTAC hazırda dünyanın demək olar 130 ölkəsi ilə informasiya mübadiləsi aparır, təkcə son ildə Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb və Çin dillərində müxtəlif mövzularda 103.534 informasiya və 8.331 videoxəbər hazırlayaraq öz kanalları ilə yayıb.
Aslan Aslanov milli agentliyin uğurları və nailiyyətləri haqqında ətraflı informasiyanı yekunlaşdıraraq bildirir ki, mühüm geosiyasi nöqtədə yerləşən Azərbaycanı Şərq ilə Qərb arasında körpü, hər iki qitəyə açılan qapı adlandırmaq olar. Bu, həqiqətən unikal olan məqam AZƏRTAC-a Şərq ilə Qərbin media-qurumları arasında körpü rolu oynamaq, onlar ilə dialoq qurmaq imkanı verir. Agentliyin Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Avropa Xəbər Agentlikləri Alyansı (EANA), Beynəlxalq İslam Xəbərlər Agentliyi (IINA) kimi beynəlxalq informasiya qurumlarının üzvü olması və onların fəaliyyətində yaxından iştirak etməsi bu məqsədlərə nail olmağa kömək edir. Eyni zamanda, AZƏRTAC Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir.
Qeyd edək ki, OANA-nın Moskvada keçirilən Baş Assambleyasında AZƏRTAC-ın baş direktoru üçüncü dəfə bu qurumun büro üzvü və vitse-prezidenti seçilib. AZƏRTAC 2016-cı ildə Bakıda beynəlxalq media məkanında çox nüfuzlu tədbirlər sayılan OANA-nın XVI Baş Assambleyasına və Xəbər Agentliklərinin V Dünya Konqresinə ev sahibliyi edəcək.
A.Aslanovun məqaləsi bu sözlərlə başa çatır: “AZƏRTAC-ın başlıca meyarı doğru, dürüst və səhih informasiyadır və yeganə yolumuz, informasiya sahəsində növbəti uğurların açarı yeniliklə ənənələrin vəhdəti, ümumi məxrəcin axtarıb tapılmasıdır”.
Məqalənin tam versiyasını http://shbabalnil.com/Article/Item/36235 linkindən oxuya bilərsiniz.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə