REGİONLAR
Muğanlı-Yevlax avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır VİDEO
Bakı, 15 mart, AZƏRTAC
“Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax (0–8,4 kilometr və 38–145 kilometr ) hissəsinin yenidən qurulması” layihəsində son tamamlanma işləri həyata keçirilir.
Tikinti işlərini həyata keçirən “Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə üzrə yol 2-ci texniki dərəcəyə uyğundur. Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115,15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir.
“Bakı-Şamaxı-Yevlax” avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması” layihəsində nəzərdə tutulan 7 dairəvi yol kəsişməsi və 54 yol birləşməsi hazır vəziyyətdədir. Bundan başqa, yol üzərindəki 6 körpüdən 5-nin, daha dəqiqi yolun 35-ci kilometrində yerləşən Ağdarçay, 37,5-ci kilometrindəki Girdmançay, 81-ci kilometrində yerləşən Göyçay çayı, 93-cü kilometrindəki Şirvan kanalı və 120-ci kilometrindəki Nemətabad kollektorunun üzərindəki körpülərin tikintisi işləri yekunlaşıb.
Hazırda yolun 103,5-ci kilometrində Türyançay üzərində yerləşən körpüdə son tamamlanma işləri aparılır, yanaşma yollarında torpaq işləri görülür.
Eyni zamanda, layihə üzrə avtomobil yolunda nəzərdə tutulan elektrik dirəklərin montajı, 39 avtobus dayanacağının tikintisinin tamamlanması, 19 min 500 paqonmetr əyri xətli dəmir tirin quraşdırılması, işıqəksetdirici dirəklərin və 835 ədəd yol hərəkəti nişanlarının qoyulması, 15 min metr uzunluğunda piyada səkilərinin və 13 min 300 metr açıq beton kanalların tikilməsi prosesi gedir.
Layihənin cari ilin may-iyun aylarında yekunlaşdırılması planlaşdırılır.