REGİONLAR
Mülki müdafiə təlimi gənclər tərəfindən maraqla qarşılanıb
Naxçıvan, 2 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə təlim təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, gənclərin iştirak etdiyi təlimin nəzəri hissəsində mülki müdafiənin tarixi, məqsəd və prinsipləri haqqında şəxsi heyətə məlumat verilib.
Təlimin əməli hissəsində zərərçəkənlərə ilk yardımın göstərilməsi zamanı sanitarların fəaliyyəti, kinoloji bölmədə xüsusi təlim görmüş itlər vasitəsilə zərərçəkmişin tapılması və xilas edilməsi, döyüş açılışı tapşırığının yerinə yetirilməsi, radioaktiv, kimyəvi və bakterioloji zəhərlənmələrdən mühafizə tədbirləri nümayiş etdirilib. Hündür mərtəbəli binalardan insanların təxliyə edilməsi, partlamamış minaların axtarışı, qayıqlar və dalğıc avadanlıqlarının nümayişi gənclər tərəfindən maraqla qarşılanıb.
Sonra bir çox sahələr üzrə yarışlar keçirilib. Yarışlarda fərqlənən bölmələrə fəxri fərmanlar təqdim olunub.