İDMAN
Münxen 2022-ci ildə qarışıq idman növləri üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Bakı, 12 noyabr, AZƏRTAC
Almaniyanın Münxen şəhəri 2022-ci ildə qarışıq idman növləri üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə avqustun 11-dən 21-dək keçiriləcək çempionatda atletlər idmanın altı növü - atletika, velosiped idmanı, qolf, gimnastika, avarçəkmə və triatlon üzrə qüvvələrini sınayacaqlar. Yarışların əksəriyyəti Münxen şəhərinin Olimpiya Parkında və digər idman obyektlərində baş tutacaq.
Avropa Atletika Federasiyasının prezidenti Svein Arne Hansen bildirib: “Münxen Olimpiya Parkında yaradılan şərait imkan verir ki, avropalı idmançıları Olimpiya Oyunlarının 50 illik yubileyində yenidən bir araya gətirək və bu möhtəşəm idman qurğusunun imkanlarından səmərəli istifadə edək”.
Qeyd edək ki, Avropa çempionatının yarışları “Eurovision Sport” tərəfindən canlı yayımlanacaq.