“Muradxan dəfinəsi” kataloqu nəşr olunmuşdur
AzerTAg.az
Bakı, 5 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində “Muradxan dəfinəsi” adlı kataloq nəşr edilmişdir.
EİF-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev (layihə rəhbəri), orta əsrlər şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor Qafar Cəbiyev və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin birgə tərtib etdikləri kataloq “AFPoligraf” mətbəəsində çapdan çıxmışdır.
Kataloqda 2010-cu ilin aprel ayında Kürdəmir rayonunun Muradxan kəndi yaxınlığında aşkar edilmiş, Şirvanşah Şeyx I İbrahimin (1382-1417-ci illər) və Şirvanşah I Xəlilullahın (1417-1465-ci illər) hakimiyyəti illərində Şamaxı, Bakı, Dərbənd, Qəbələ və Ərdəbildə zərb edilmiş anonim gümüş təngələrin fotoları və təsnifatı, həmçinin dövrün siyasi tarixi əksini tapmışdır.
Muradxan dəfinəsində olan nadir sikkələr Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan Şirvanşahlar dövlətinin sosial-iqtisadi və siyasi tarixinin qaranlıq məqamlarına aydınlıq gətirmək baxımından əhəmiyyətli sənəddir.
EİF-in elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci ildə keçirilmiş müsabiqəsinin qalibi olmuş “Muradxan dəfinəsi” kataloqu numizmatika ilə məşğul olan alim və mütəxəssislər, tarixçilər, magistr və aspirantlar, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kataloq Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var