CƏMİYYƏT
Müşfiq Məmmədli: Buster doza vurdurmuş vətəndaşlarda COVID-19-a əleyhinə immunitet güclənir
Bakı, 8 oktyabr, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın hər iki mərhələsində iştirak etmiş vətəndaşlar qorunmuş olur. Lakin peyvəndləmədən müəyyən qədər vaxt keçdikdən sonra koronavirusa qarşı yaranmış anticisimlərin azaldığını müşahidə edirik. Anticisimlərin miqdarı azaldıqca orqanizmin müvafiq törədiciyə qarşı müqaviməti zəifləyir və infeksiyaya yoluxma ehtimalı artır. Buster doza ilə peyvəndləmək də məhz bunun üçün vacibdir. Müxtəlif ölkələrdə aparılmış araşdırmalar sübut edib ki, qüvvətləndirici peyvənd vurdurmuş şəxslərdə COVID-19-a qarşı immunitet güclənir. Nəticədə qoruma çətirinin daha da möhkəmləndirilməsi və vətəndaşların həmin törədiciyə qarşı immunitetinin artması yoluxma ehtimalını azaldır və ağırlaşmanın daha az müşahidə edilməsinə səbəb olur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
Parlament üzvü bildirib ki, bu istiqamətdə İngiltərə və ABŞ-da müvafiq araşdırmalar aparılıb: "Risk qrupuna aid olan şəxslər üzərində aparılmış vaksinasiyanın üçüncü mərhələsi ilə bağlı olan müsbət dinamika qiymətləndirilib və digər ölkələr də bu effektiv praktikadan daha geniş şəkildə istifadə etməyə başlayıb. Azərbaycanda da dövlət tərəfindən yaradılmış infrastruktur və aparılmış təchizat işləri buster dozanın tətbiqində heç bir maneənin olmadığını göstərir. Ona görə də müvafiq səhiyyə müəssisələrinin iştirakı ilə risk qrupuna daxil olan vətəndaşların buster peyvənd vurdurması çox önəmlidir. İsrail Səhiyyə Nazirliyinin araşdırmaları nəticəsində də müəyyən olunub ki, buster doza almış şəxslə virusa yoluxduğu halda belə, onlarda koronavirusun fəsadlarının meydanaçıxma ehtimalı, demək olar ki, sıfıra enir, həmçinin virusa yoluxma ehtimalı azalır. Üçüncü doza vaksinin yan təsirləri müşahidə edilmir. İsraildə aparılan araşdırmalar sübut edib ki, üçüncü, hətta dördüncü doza peyvənd vurduranlarda birinci və ikinci dozanı alarkən meydana çıxan əlamətlərdən fərqli heç nə müşahidə edilmir".
M.Məmmədlinin dediyinə görə, COVID-19 əleyhinə xüsusən üçüncü doza peyvənd alınması risk qrupunda olan fəaliyyət sahibləri, səhiyyə işçiləri, xroniki xəstəliklərdən, hətta böyrək çatışmazlığından əziyyət çəkənlər arasında belə əlavə yan təsirlər görülməyib: "Xüsusən də yaşlı əhali qrupu və tibb işçiləri üçün buster dozanın tətbiqi çox vacibdir. Ona görə də dünya ölkələrində buster dozanın alınması sürətlənir və digər əhali qruplarını da əhatə edir. Bu, həmçinin ona görə önəmlidir ki, koronavirus əleyhinə peyvənd vurduran şəxslərdə yüngül yoluxma halı, yalnız gündəlik klinika müşahidə edilir. Risk qrupuna daxil olan bütün vətəndaşları qüvvətləndirici doza peyvənd vurdurmağa çağırıram".