CƏMİYYƏT
Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) Azərbaycan Respublikasının dövlət bayrağının qəbul edilməsinin 100 illiyinə həsr olunmuş “Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Üçrəngli bayrağımız müstəqilliyimizin əsas atributu kimi” mövzusunda məruzə ilə çıxış edərək dövlət bayrağının tarixindən danışıb. Qeyd edilib ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunan üçrəngli bayrağımız 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib. Lakin XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.
Vurğulanıb ki, bu gün Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımız qürurla dalğalanır. İşğal altındakı torpaqlarımızın Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində düşməndən azad olunacağı, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi, dövlət bayrağımızın Xankəndidə, Şuşada və digər şəhərlərimizdə dalğalanacağı günün uzaqda olmadığına əminlik ifadə olunub.
Tədbirdə “Müstəqilliyimizin üç rəngi” adlı sənədli filim nümayiş etdirilib.
Sonra Suraxanı rayonu N.Əliyev adına 282 nömrəli tam orta məktəbin müəllimi Gülər Musayevanın təşəbbüsü ilə üzərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin adı yazılmış dövlət bayrağı Muzeyə bağışlanıb.
Bayraq barədə məlumat verən Gülər Musayeva bildirib ki, üçrəngli bayrağımızın dalğalanmasına görə şəhidlərimizə, hərbçilərimizə borcluyuq. Şagirdlərə şəhidlərimizi tanıtmaq, Vətənimizi sevmək üçün belə təşəbbüs irəli sürdük. Beş metr uzunluğundakı bayrağın üzərinə altı ay ərzində 12 min 62 şəhidimizin adlarını yazdıq. Layihədə mənimlə bərabər 32 şagird iştirak edib. Mən bu bayrağı qürur hissi ilə Azərbaycan Hərb Tarixi Muzeyinə təqdim edirəm”.