ELM VƏ TƏHSİL
Mütəxəssis su qıtlığının qarşısını almaq üçün suya qənaəti yeganə çıxış yolu hesab edir
Bakı, 29 sentyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov su təminatı ilə əlaqədar videokonfrans formatında təşkil edilmiş görüşdə iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə su itkilərinin azaldılması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, hidroqovşaq, kollektor və suvarma kanallarının yenidən qurulması, ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi, eləcə də mövcud su anbarlarının bərpa edilməsi ilə bağlı məsələlər müzakirə edilib, uyğun təkliflər irəli sürülüb.
Görüşdə çıxış edən Məhərrəm Həsənov ölkədə labüd hal almış su qıtlığının və su itkisinin qarşısını almaq üçün suya qənaətin yeganə çıxış yolu olduğunu bildirib. O, eləcə də mövcud su anbarlarının lildən təmizlənməsinin zəruriliyini və yeni su anbarlarının yaradılması üçün ərazi relyefinin dəqiq seçilməsinin vacibliyini qeyd edib.