İQTİSADİYYAT
Muzdla işləyənlərin 914 mini iqtisadiyyatın dövlət sektorunda çalışıb
Bakı, 25 fevral, AZƏRTAC
Yanvarın 1-nə muzdla işləyənlərin sayı 1 milyon 645,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 914,5 min nəfər, qeyri-dövlət sektorunda isə 730,9 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 610,6 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 20,4 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıb.
Ötən ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5466 nəfər olub. Onlardan 31,8 faizi mədənçıxarma sənayesində, 30,5 faizi tikintidə, 10,7 faizi emal sənayesində, 6,5 faizi təhsil, 3,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 2,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və 11,4 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
2019-cu ilin ilkin məlumatlarına əsasən, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,8 saat təşkil edib.