REGİONLAR
NDU-nun tələbələrindən nümunəvi təşəbbüs - şəhid Orxan Kərimlinin əziz xatirəsi əbədiləşdirilib
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Vətən müharibəsində şəhid olan Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Orxan Kərimlinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ağacəkmə aksiyası keçirilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatının təşəbbüsü ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsinin ərazisində təşkil edilən ağacəkmədə fakültənin müəllim və tələbələri iştirak ediblər.
Beynəlxalq münasibətlər fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynov, kafedranın baş müəllimi Arzu Abdullayev, universitet Tələbə-Gənclər Təşkilatının sədri, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov çıxışlarında zəfər yolumuzun bir illik tarixinə nəzər salıblar. Diqqətə çatdırılıb ki, əsgərlərimiz Ali Baş Komandanın qətiyyəti və ordumuzun döyüş əzmi nəticəsində şanlı tarix yazıblar. Çıxış edənlər şəhidin keçdiyi döyüş yolu haqqında danışıb, gənclərin təşəbbüsünü alqışlayıblar.
Qeyd edək ki, Orxan Akif oğlu Kərimli 2001-ci il oktyabrın 6-da Göyçay şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetində qiyabi təhsil alan Orxan 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb.
Orxan Kərimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 9-da qəhrəmancasına şəhid olub. O, Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.