İQTİSADİYYAT
NEFTÇİLƏRİN SOSİAL VƏZİYYƏTİ YAXŞILAŞIR
“Azneft” İstehsalat Birliyindən AZƏRTAC-a bildirmişlər ki, neft və qaz hasilatının artırılması üçün nəzərdə tutulmuş tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi iqtisadiyyatımızın dinamik inkişafına təkan verməklə yanaşı, neftçilərin əmək və sosial-məişət şəraitinin, eləcə də onların rifah halının yaxşılaşdırılması üçün də geniş imkanlar yaradır.
Cari ilin birinci yarısında “Azneft” İstehsalat Birliyinin idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilmişdir. Ötən ildən bəri neftçilərin əmək haqqı iki dəfə artırılmışdır. Hazırda işçilərə hər iş günü üçün 2 manat yemək pulu verilir. İdarə və müəssisələrdə yeni yeməkxanalar tikilib istifadəyə verilmiş və müasir mebel və avadanlıqla təchiz olunmuşdur.
Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq dənizdə vaxt metodu ilə işləyən 15 min nəfərdən artıq neftçinin hər biri günə 3 manat və əlavə olaraq işlədiyi idarənin mənfəəti hesabına daha 2 manatlıq ərzaq və isti yeməklə təmin olunur və ya həmin məbləğ onlara nağd şəkildə verilir. Neftçilərin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Komitəsinin birgə qərarı ilə onlara maddi yardım göstərilməsi barədə 19 bənddən ibarət əsasnamə qəbul edilmişdir.
Həmin sənədə əsasən yeni ailə həyatı quranlara, ilk uşağı dünyaya gələnlərə, hərbi xidmətdən sonra iş yerinə qayıdanlara, yubilyarlara bu və ya digər məbləğdə maddi yardımlar göstərilir. Bu sənəddə növbəti əmək məzuniyyətinə çıxanlara qayğı da öz əksini tapmışdır. Aylıq tarif maaşlarının 70 faizi məbləğində verilən əlavə vəsait işçiyə yaxşı istirahət etməyə imkan yaradır. İşçi və ya onun ailə üzvü cərrahiyyə əməliyyatına məruz qaldıqda ona müvafiq məbləğdə maddi yardım göstərilir. Əsasnaməyə görə tək analar, uşağa qulluq edən analar, məktəbli uşağı olan valideynlər də maddi yardım alırlar. Şəhid ailələri və müharibə əlilləri də unudulmamışlar. Qarabağ müharibəsi və 20 Yanvar hadisələrində həlak olmuş işçilərin 18 yaşına çatmamış uşaqlarının hər birinə ayda minimum tarif maaşının 4 misli məbləğində maddi yardım, həmçinin əlillərə birdəfəlik maddi yardımlar göstərilir. Ailə başçısı itirildikdə minimum tarif maaşının 20 misli məbləğində birdəfəlik, 18 yaşına çatmamış hər uşağına isə 2 misli məbləğində aylıq yardım edilir. Təkcə 2007-ci ilin 6 ayında sosial məqsədlərə 3 milyon manat xərclənmişdir.