REGİONLAR
Naftalanın nümayəndə heyəti Polşaya səfər edib
Naftalan, 20 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhərinin nümayəndə heyəti Polşada səfərdədir. Səfərin məqsədi yeni texnologiyalara, innovasiya və kəşflərə həsr olunan “III Uneyuv Beynəlxalq Ağıllı İnkişaf Forumu 2018”də iştirak etmək, “Lodz regionu sənayesinin müxtəlif sahələrinin sahibkarlarının iqtisadi potensialı – beynəlxalq təqdimat” mövzusunda keçirilən tədbirə qatılmaqdır. Səfər Uneyuv şəhərinin meri Yuzef Kaçmarekin dəvəti ilə reallaşıb.
Naftalan Şəhər İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, nümayəndə heyətinin tərkibinə daxil edilmiş eko-investisiya sahəsi üzrə ixtisaslaşmış iş adamları tərəfindən forum iştirakçılarına Naftalan şəhəri və onun beynəlxalq əhəmiyyətli turizm potensialı haqqında məlumat veriləcək, təcrübə mübadiləsini təkmilləşdirmək üçün müzakirələr aparılacaq.
Ülfət Əliyev deyib ki, nümayəndə heyətinə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov rəhbərlik edir.
Səfərin ilk günü nümayəndə heyəti Uneyuv Termal Parkının genişləndirilməsi layihəsi çərçivəsində təməlqoyma mərasimində və III Beynəlxalq Ağıllı İnkişaf Forumunda iştirak edib. Nüfuzlu iqtisadi tədbir hesab edilən beynəlxalq foruma Avropanın elm, biznes və yerli hakimiyyət nümayəndələri qatılıblar. Forum çərçivəsində “Bərpaolunan enerji mənbələrinin Polşada və dünyada perspektivləri”, “Geotermal enerji, külək və günəşin gücü - bərpaolunan enerjinin tətbiqində yeniliklər” mövzusunda təqdimat və müzakirələr olub.
Daha sonra Uneyuv Park Sanatoriyasında qardaşlaşmış şəhər nümayəndələrinin və Lodz regionu iş adamlarının təqdimatları keçirilib, ekskursiyalar təşkil edilib.
Səfər çərçivəsində, Azərbaycana həsr edilmiş sərginin, habelə “Əli və Nino” filminin təqdimatı da nəzərdə tutulur.
Dörd günlük səfər oktyabrın 21-dək davam edəcək.