CƏMİYYƏT
Narkomaniyaya qarşı mübarizədən bəhs edən kitablar təqdim olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində həkim-yazıçı Asif Kəngərlinin kitablarının təqdimatı keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə təqdim olunan “Tütünçəkmə barədə hər şey”, “Alkoqol-sağlam həyat tərzinin düşməni” və “Narkotik-maddə ailəvi qırğın silahı” adlı kitablarda narkomaniyaya qarşı aparılan mübarizədən söz açılır.
Tədbirdə Milli Məclisin deputatı Fazil Mustafa, Xalq Artisti Eldost Bayram, “Aqra” Elmin İnkişafına Dəstək İctimai Birliyinin sədri Mirələkbər Seyidov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları çıxış ediblər.
Natiqlər dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə, təbliğat işlərinin aparılması, bu mövzuda kitabların rolu və mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə Asif Kəngərli alkoqolizm və narkotikin insan orqanizminə ziyanlarından, onunla necə mübarizə aparmağın yollarından söhbət açıb.
Sonda müəllifin “Bəla” pyesindən fraqmentlər nümayiş olunub.