CƏMİYYƏT
Narkomaniyaya qarşı təsirli üsullarla mübarizə aparılmalıdır
Bakı, 23 may, AZƏRTAC
Nəsimi rayonundakı 46 nömrəli orta məktəbdə “Narkomaniyaya yox deyirik” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə narkomaniyaya qarşı mübarizədə dövlət qurumları, ictimaiyyət nümayəndələri, pedaqoji işçilər, valideynlər, eləcə də cəmiyyətin hər bir üzvünün oynadığı fəal rolun zəruriliyi xüsusi qeyd olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası” işçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Nəsimi rayon Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Vüsal Rüstəmov, “Məşədi Dadaş” məscidi dini icmasının rəhbəri hacı Şahin Həsənli, psixoloq Ülkər Hüseynova, 46 saylı tam orta məktəbin direktoru Sevinc Budaqova və Səhiyyə Nazirliyi İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova və başqaları çıxış edərək bildiriblər ki, narkomaniya cəmiyyətə, dövlətə və ümumilikdə bəşəriyyətə çox böyük ziyan vurur və onun qarşısının alınması uğrunda hər kəs mümkün olan bütün vasitələrdən istifadə etməlidir.
Çıxış edənlər narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomaniyaya düçar olanların sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə əlaqədar qarşıda ciddi vəzifələr dayandığını söyləyiblər. Tədbirdə gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyə və məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda narkomaniyanın fəsadlarını əks etdirən videomateriallar nümayiş olunub.