REGİONLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri Əlincə qalasına zəfər yürüşü ediblər
Culfa, 23 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə Culfa rayonunun ərazisində yerləşən Əlincə qalaya zəfər yürüşü ediblər.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yürüşdə əvvəlcə tələbələr “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə tanış olublar. Muzeyin bələdçisi qala və arxeoloji qazıntılar nəticəsində tapılan əşyalar barədə tələbələrə geniş məlumat verib. Qeyd edilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Əlincə qalasının bərpası zamanı qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa olunub.
Daha sonra gənclər “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər. Qalanın zirvəsində tələbələr Azərbaycan və Türkiyə bayraqları fonunda Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər.
Qeyd edək ki, zəfər yürüşündə iştirak edən tələbələrin əksəriyyəti Azərbaycanın digər bölgələrindən olublar. Tələbələr qaladan yüksək təəssüratla ayrılıblar.