REGİONLAR
“Naxçıvan” Universitetində Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunub
Naxçıvan, 27 aprel, AZƏRTAC
Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 56 üzvü günümüzün real mənzərəsinin yaradılmasında, tariximizin və milli dəyərlərimizin təbliğində mühüm rol oynayır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri “Naxçıvan” Universitetində Rəssamlar Birliyinin 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva deyib.
Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva diqqətə çatdırıb ki, ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilatın bazasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. Ötən ildən birliyin nəzdində ilk dəfə olaraq Gənc rəssamlar bölməsi yaradılıb. Bura üzv olan və yaxud üzv olmaq istəyən gənclər professional rəssamlarla birlikdə işləyir, onların sərgiləri keçirilir. Bu gün həmin bölmədə 25 gənc təmsil olunur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət müəllimliyi, rəngkarlıq, Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisasları Rəssamlar Birliyinin hamiliyinə verilib.
Sənətşünas Nizami Alıyev və digər çıxış edənlər vurğulayıblar ki, Naxçıvanda rəssamlıq sənəti böyük inkişaf yolu keçib. Tarixi Gəmiqaya təsvirlərindən başlayan Naxçıvan rəssamlıq sənəti XII əsrdən etibarən memarlıq məktəbinin təsiri ilə inkişaf edib. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırıb, onu forma və təsvir vasitələri ilə zənginləşdirib. Bu ənənələr bu gün də qorunur və yaşadılır.
Tədbirdə universitetin prorektoru Hüseyn Bağırsoylu Rəssamlar Birliyinə üzv seçilib.
Sonra tədbirdə iştirak edən bir qrup rəssama “Naxçıvan” Universiteti tərəfindən təşəkkürnamə verilib və 17 rəssamın əsərlərindən ibarət sərgiyə baxış olub.