REGİONLAR
Naxçıvanda keçirilən arıçılıq məhsulları festivalı başa çatıb VİDEO
Naxçıvan, 17 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları – Bal” festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın bütün rayon və şəhərlərindən 210 arıçının qatıldığı festival iki gün davam edib.
Festivalda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları - bal” nominasiyası üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticələrinə görə, birinci yerə Şərur rayonundan Məhəmməd Cəfərov, Şahbuz rayonundan Etibar Məmmədov və Naxçıvan şəhərindən Vaqif Məmmədov, ikinci yerə Culfa rayonundan Kamil Məmmədov, Həsən Məmmədov və Ordubad rayonundan Nizami Əliyev, üçüncü yerə isə Babək rayonundan Mehman Hüseynov, Sədərək rayonundan Abdulla Sadiqov və Kəngərli rayonundan Şəmil Hüseynov layiq görülüblər.
Qeyd edək ki, festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan çox bal, bərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arıçılıq məhsulları çıxarılıb. Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunub.