REGİONLAR


Naxçıvanda şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb

Naxçıvan, 3 iyul, AZƏRTAC

Ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən şəkərli diabet xəstəliyinin yüksək artımı, eyni zamanda, tibbi, sosial, iqtisadi, psixoloji və digər problemlər də ortaya çıxarır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən endokrinologiyanın aktual problemlərinə aid elmi-praktik konfransda səsləndirilib.

Konfransda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək səhiyyə sisteminin inkişafına dövlət qayğısının get-gedə artırılmasının, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsinin, infrastrukturun yenidən qurulmasının digər sahələr kimi, endokrinologiya sistemində də mühüm irəliləyişlərə şərait yaratdığını bildirib.

Sonra Bakı şəhərində tibbi fəaliyyət göstərən “Bakı” klinikasının endokrinoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Rauf Cabbarovun “Qalxanabənzər vəzinin autoimmun xəstəlikləri”, Bakı şəhərindəki Mərkəzi Dənizçilər Xəstəxanası Endokrinoloji xəstəliklər şöbəsinin müdiri Nazim Rüstəmovun “Prediabet xəstələrinin idarə olunması”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyevanın “Naxçıvan Muxtar Respublikasında şəkərli diabet xəstəliyinin epidemiologiyası” mövzularında məruzələri dinlənilib.

Mütəxəssislər şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat veriblər.

Qeyd olunub ki, son illər muxtar respublikada da görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təmin olunması xeyli yaxşılaşıb. 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Hazırda muxtar respublikada şəkərli diabet xəstələrinə şəkərölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir.

Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə artıq beş ildən çoxdur ki, diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.

Konfransda müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.