REGİONLAR
Naxçıvanlı məktəbli “Sabahın alimləri” X respublika müsabiqəsində uğurlu nəticə əldə edib
Naxçıvan, 3 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları elmi rəhbərləri ilə hazırladıqları layihələrlə müxtəlif respublika və beynəlxalq müsabiqələrdə uğurlar əldə edirlər.
Muxtar respublikanın Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, növbəti uğur “Sabahın alimləri” X respublika müsabiqəsində qazanılıb. Müsabiqədə Naxçıvan şəhər ümumtəhsil məktəbləri üzrə 6 şagird 4 layihə ilə iştirak edib, layihələrin 4-ü də ikinci mərhələdə iştirak etmək hüququ qazanıb.
Final mərhələsində Biologiya kateqoriyası üzrə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan sarıçiçək, böyürtkən və yunanqozu bitkilərindən təbii boyaqların alınması” layihəsi ilə III yerin qalibi olub, diplom və medalla təltif edilib. Digər iştirakçılar isə sertifikata layiq görülüb.