ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutu alimlərinin yeni monoqrafiyası çapdan çıxıb
Bakı, 18 dekabr, AZƏRTAC
Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Hikmət İbrahimov, Təranə Məmmədova, Zenfira İbrahimova, Könül Axundova, Gülbəniz Muxtarova və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Fariz Əmirov tərəfindən “Pirolizin maye məhsullarının analizi və emalının inkişafı perspektivləri” monoqrafiyası rus dilində çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiyada müasir karbohidrogen xammallarının pirolizinin ümumi məsələləri ön plana çəkilib, prosesin termodinamikası və kinetikasının əsasları ətraflı işıqlandırılıb, aşağı molekullu olefinlərin, neft-kimya və üzvi sintez üçün digər qiymətli məhsulların istehsalının inkişafının əsas istiqamətləri və meyilləri öz əksini tapıb. Kitabda bu sahədə çalışan alimlərin prosesin inkişafı və intensivləşdirilməsinin ən perspektivli istiqamətləri, pirolizin maye məhsullarının müasir emal istiqamətləri barədə apardıqları tədqiqatların nəticələri haqqında məlumatlar verilib, mövcud proseslərin təkmilləşdirilməsi və inkişaf etdirilməsinin əsas yolları vurğulanıb.
Monoqrafiya neft-kimya sənayesində çalışan mühəndis və texniki işçilər, o cümlədən bu sahədə tədqiqat aparan alimlər, doktorantlar və universitet tələbələri üçün nəzərdə tutulur.