ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda məruzə ediblər
Bakı, 17 sentyabr, AZƏRTAC
Rusiyanın Nijniy Novqorod vilayətinin Dzerjinsk şəhərində “Yapışdırıcılar və hermetiklər sahəsində müasir nailiyyətlər: xammal, material və texnologiya” mövzusunda III beynəlxalq elmi-texniki konfrans keçirilib. Konfransda AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) əməkdaşları - Monomerlər, oliqomerlər və kataliz şöbəsinin müdiri, professor Minavər və böyük elmi işçi, kimya üzrə fəlsəfə doktoru Ziyarət Paşayeva iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Minavər İbrahimova konfransda NKPİ-də yeni aparılan ion maye monomerlər tədqiqatları üzrə “Akril tipli ion maye monomerlər, onlar əsasında polimer və (birgə) polimerlər” mövzusunda çıxış edib.
Ziyarət Paşayeva isə “yaşıl kimya” və tənzimlənən mexanizmi ilə gedən polimerləşmə sahəsində tədqiqatlara həsr olunan “Metakril turşusunun efirlərinin ion maye mühitində tənzimlənən mexanizm ilə polimerləşmə prosesinin tədqiqi” mövzusunda məruzə edib. O, gənc alimlər arasında keçirilən müsabiqə əsasında diplomla mükafatlandırılıb.
Beynəlxalq tədbirdə epoksid, uretan, akril və digər birləşmələr əsasında yapışdırıcı, hermetik materialların yaradılması sahəsində müasir tendensiya və elmi axtarışlar, adqeziv materialların alınmasında tətbiq tapmış yararlı kompozit tərkiblər, yapışdırıcı və hermetiklər üçün yeni monomer, oliqomer, birgə polimerlərin, bərkidicilərin, doldurucuların, plastifikator və digər əlavələrin sintezi, modifikasiyası onların istehsal perspektivləri sahəsində aparılan elmi tədqiqatlar, polimer materiallarının öyrənməsində müasir cihazların tətbiqi kimi perspektiv istiqamətlər müzakirə olunub.
Konfransda Rusiya, Çin, Almaniya, Belçika, Belarus, İspaniya, İsrail və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.