REGİONLAR
Neftçalada Silahlı Qüvvələr Günü silsilə tədbirlərlə qeyd olunub
Neftçala, 26 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Respublikanın hər yerində olduğu kimi Neftçala rayonunda da 26 İyun Silahlı Qüvvələr Günü qeyd olunub. Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və məsul şəxslər, hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid valideynləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin şəhər mərkəzində yerləşən abidəsi və şəhidlərin əziz xatirəsinə ucaldılmış Şəhidlər abidə kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, ehtiramla yad edilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub. Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər tariximizi yazan, dövlətimizi qalib, müzəffər edən Azərbaycan Silahli Qüvvələrinin yaranma tarixindən söz açıb, əlamətdar günün, düşmənin qorxulu kabusuna çevrilən qüdrətli Ordumuzun, yurdumuza azadlıq, xalqa fəxarət bəxş edən hünərli, şücaətli oğullarımızın günü olduğunu bildirib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid atası Baloğlan Ağamalıyev, Vətən müharibəsi iştirakçısı, III qrup əlil Sənan Hacıyev və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin zabiti Tural Əhmədov çıxış edərək Azərbaycan Ordusunun gücündən, qüdrətindən danışıb, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbədən söz açaraq, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və qazilərinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda rayonun ictimai siyasi həyatında, həmçinin hərbi xidmətləri zamanı fərqlənmiş bir qrup hərbi qulluqçuya, “Şahin” və “Sərhədçi” hərbi-idman oyunlarının qalib komandalarının bir qrup üzvlərinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Tədbir Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada Neftçala rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanmış bayram konsert-proqramı ilə davam edib.