REGİONLAR
Neftçalada səyyar “ASAN xidmət”in fəaliyyətindən qısa müddətdə 2200 sakin yararlanıb
Neftçala, 17 aprel, Mahir Babayev, AZƏRTAC
“ASAN xidmət” Mərkəzinin lazımi avadanlıqla təchiz olunmuş səyyar avtobusu martın 28-dən aprelin 16-dək Neftçala rayonunda olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Neftçala və digər qonşu rayonlardan olan 2200 sakin 20 gün ərzində 10-na yaxın xidmətdən istifadə ediblər.
Sakinlər “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ünvanlayıblar.
Neftçala Səyyar “ASAN xidmət”in əməkdaşı İsmayil İsmayılov bildirib ki, Neftçala və ətraf şəhər və rayonların sakinləri martın 28-dən aprelin 16-dək “ASAN xidmət” Mərkəzinin səyyar xidmətindən yararlanıblar. Göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və “Azəriqaz “ tərəfindən göstərilən xidmətlər daxildir. Sakinlərə, həmçinin tərcümə və qan analizi kimi yardımçı xidmətlər də göstərilib.