REGİONLAR
Nənəsinin evindən oğurluq etmək istəyən nəvə saxlanılıb
Kürdəmir, 10 sentyabr, AZƏRTAC
Kürdəmir rayonunun Yenikənd kəndində yaşlı qadına qarşı quldurluq hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini Rəmzi Bəşirov həmin kənddə yaşayan 86 yaşlı nənəsi Güldənə Məmmədovanın evinə girib və ona xəsarət yetirərək pul oğurlamağa cəhd göstərib. Lakin nənə qışqıraraq qonşuları köməyə çağırdığı üçün o, öz çirkin əməlini həyata keçirə bilməyib və qaçıb.
86 yaşlı Güldənə Məmmədova rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, evinə oğru girməsi və ona xəsarət yetirməsi ilə bağlı məlumat verib. Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəmzi Bəşirov şübhəli şəxs qismində saxlanılıb və polis şöbəsinə gətirilib. İlkin dindirmə zamanı o, etdiyi cinayət əməlini etiraf edib və bu işdən peşman olduğunu bildirib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.